(Şəhid Teymur Abbaslıya ithafən)
Bu gün də şəhidlərimizi ziyatərə getmişdim. Hər dəfə əbədi diyar
müsafirlərini ziyarətə gedəndə, yol boyu tam fərqli hisslər bürüyür adamı. “Yəqin
təkcə mən belə deyiləm”, deyə düşünürəm. Xiyabanın girişində içəri girən və
ziyarətdən qayıdan insanların simalarında donub qalır baxışlarım. Fikir verirəm,
içəri girənlərin addımları, çıxanların addımlarından sürətli kimi dəyir gözümə.
İçəri girənlər sanki tələsir, çıxanlar isə ləngimək istəyir.
90-lar, I Qarabağ savaşından şəhid olmuş qəhrəmanların ziyarəti düşür
yadıma. O gün atamın əlindən tutub şəhidlər xiyabanında məzarların arasıyla gəzirdik.
Məzar daşlarınından mən balacaya baxıb, təbəssüm edən qəhrəmanların simasında
sevinc və kədəri bir yerdə görürdüm. Lakin çevrilib kədərli şəkilə bir də
baxır, bayaqkı kədərdən əsər əlamət görmürdüm. Sevincindən
təbəssüb edən simalar dəyirdi gözümə. İndi şəhidliyin, şəhidlərə yaşatdığı
sevinci anlasam da, o vaxt bu sevinc təbəssümünü dərk edə bilmirdim. Sevinc və
kədər arasında qalmış mənim simamda isə təəccüb əks olunurdu. Onunla yanaşı
getdiyim atamın səsi qulağıma gah dəyir, gah da güclə eşidiləcək qədər
uzaqlaşırdı. Yanvar şəhidləriylə başlamışdı söhbətini, Qarabağ döyüşlərində şəhid
olmuş qəhrəmanlarımıza keçid almışdı.
Yeni kəsilmiş yağışdan sonra Bakının soyuq küləyi, biz evdən çıxarkən
anamın boynuma bərk-bərk bağladığı şərfın kənarlarından boynuma dəyməsinə
baxmayaraq üşümürdüm, daşlardan mənə zillənmiş baxışlardan bədənimə hənirti gəlirdi
sanki. “… insandırlar
axı, insan da isti olur”-düşünürdüm.
Mən hələ bu daşların altında insanların
uyuduğunu tam anlaya, dərk edə bilmiridim. Cavabını tapmadığım və atamdan da
soruşa bilmədiyim suallar hakim kəsilmişdi beynimə. “Yəni, həqiqətənmi bu
daşların altında insanlar var? Onlar oraya necə girdilər ki? Görəsən bu şəhidlər
də bizim kimi adi adamlardırlar? Əgər hamı onları bu qədər sevir, üzərlərinə
qırmızı güllər tökürlərsə, bəs onları daşın altından çıxarmağa mane olan nədir?
Ürəyləri sıxılmırmı? Bayaq atam necə dedi?… Hə, hə… “şəhidlər ölmür” dedi. Kaş onları dünyanın ən ağır
daşlarının altından xilas edə biləydim ”deyə düşünürdü uşaq ağlım.
O gün ölümün tam mənasıyla nə olduğunu
anlaya bilmirdim. Xatirimdədir,
“onlar niyə şəhid olub ki?” sualımla başlamışdı atamın bir saatdır mənə
danışdığı hadisələr. Vətən uğrunda şəhid olanların döyüş yolundan danışır, mən
anlayacağım qədərilə başa salmağa çalışırdı; “Onlar ona görə həlak olub, şəhid
düşüblər ki, sən və sənin kimi minlərlə uşaq ölkəmizdə firavan, rahat və şən
yaşaya bilsinlər. Ona görə həlak oldular ki, sən məktəbə rahat gedə, dərslərini
yaxşı oxuya biləsən. Ölkəmizin gələcəyi üçün dəyərli, lazımlı insan ola biləsən” deyirdi atamın
mülayim səsi.
Evdən çıxanda anamın boynuma bərk bərk
bağladığı və ağzımı da örtən şərfın altından ancaq özüm eşidəcək qədər səslə
pıçıldayıram: “Deməli, mənim üçün həlak oldunuz? Mən gecə rahat yatıb, səhər şən
oyanım deyə? Çantamı götürüb məktəbə, sinif yoldaşlarımın yanına qaçım,
dostlara qarışıb məktəbimizin həyətindəki yaşıl meydançada futbol oynayım deyə
şəhid oldunuz? Ağlımdan bu suallar keçdi. O suallar ki, atam bayaq bir cümlə ilə
yüzlərlə bu qəbil suallara cavabı verirdi. Baxışlarımı mərmərlərdən mənə baxan
simalara yönəldib: “Sağ
olun” dedim. Elə bil qulağıma bir səs pıçıldandı “sən də sağ
ol balaca”.
O gündən 28 il ötüb. İkinci fəxri xiyabana
gəlmişəm. Bu uzun sürədən sonra kiçik yaşlı oğlum İbrahimin əlindən tutub II Fəxri
xiyabana gətirmişəm. Əlimdən
tutub kiçik addımlarını mənim addımlarımın ahənginə çatdırmaq istəyir dəcəl. Mən
də addımlarımı ona uzlaşdırıram, yavaşıyıram ki, tələsdirməyim. Allah bilir
indi onun ağlından mənə ünvanlaya bilmədiyi hansı suallar keçir. İndi mən hara
gəldiyimi fərqindəyəm, amma İbrahim hələ fərqində deyil, 28 il öncə harda
olduğumu anlamaq istədiyim, anlaya bilmədiyim kimi. Amma o, indi anlamasa da 28
il öncə atamın mənim əlimdən tutduğu kimi mən də onun əlindən tutub məzarların
arasında gəzəcəyəm ki, bəlkə də 28 il sonra bu günü xatırlayıb, öz oğlunun
yanında bu gün üçün iftixar, qürur hissi yaşaya bilsin. Anlasın və oğluna
anlatmağa çalışsın ki, bu soyuq daşlardan baxan, isti baxışlar onun bu gün
rahat, firavan yaşaması üçün öz canlarından keçənlərdir. Və o zaman oğlu
düşünsün ki, bu şəkillərdən ona baxan isti baxışlar, bir zaman onun babasına,
atasına zillənmişdi və qərinələr, əsrlər keçəcək bu baxışların sahibləri əsla
qocalmayacaq, qara saçları ağarmayacaq, şəkillərdən baxdıqları kimi gənc
qalacaqlar.
Görüşə tələsənlər və qapıdan çıxıb evlərinə
getmək istəməyənlərə baxırıq. Xiyabanın qapsından həvəssiz çölə addım atan
doğmalar, əlacları olsa öz şəhidlərini tək qoyub getməzlər. Bir-bir məzarların
qarşısından keçib, məni tanımayanların, amma tanıdığım simaların
zillənmiş baxışlarına dikilirəm. Borclu
olan insan, borcunu qaytara bilməyəndə utandığından baxışlarını qaçırdığı kimi,
bəzən bir neçəsindən baxışlarımı qaçırıram. 28 il öncə atam məni şəhidlərin məzarının
arasında gəzdirərəkən, baxışlarını qaçırdığı kimi. Bu
qədər borcun qarşısında davam gətirmək asan deyil ki? “Görəsən danışa bilsəydilər
bunun qarşılığında bizdən nə istəyərdilər” deyə düşünürəm. Uğurunda şəhid olduqları bu vətən
üçün nə etməmiyimizi tələb edərdilər bizdən? Onların hamısı məni tanımasalar
da, 44 gün ərzində əksəriyyəti haqqında doğmaları qədər məlumatlıyam. Çoxunun
gülüşü, zarafatı, rəqsi və səsinə qədər bələdəm. Bilmirəm
siz fikir vermisinizmi ya yox, amma mənə elə gəlir ki, şəhdilər bir-birinə çox
oxşayır. Baxşları, təbəssümləri hətta səsləri belə. İndiki şəhidlər digər şəhidlərdən
fərqləndirən cəhətlər haqda düşünürəm. Bütün şəhidlərimiz haqq yolunda, vətənin
müdafiəsi yolunda şəhid olmuş özlərindən sonra onları xatırlayacaq şəkillər
buraxmışlar. Biz uşaq olanda onların şəkillərinə baxar, donmuş simlalarından
qabiliyyətimiz, istedadımız qədər nərlərsə götürməyə, təsəvvürmüzdə səslərini
eşitməyə çalışırdıq. Amma indi şəhidlərimiz özlərindən sonra şəkillə yanaşı səslərini
də qoyub getdilər. Yol boyu telefonumda dostum şəhid Teymurun bir vaxt mənə
göndərdiyi məzəli söhbətlərini dinləmişəm. Qəribədir deyilmi?
28 il öncə həmin günü mənim uşaq ağlıma
hakim kəsilən cavabsız sualların birini də xatılayıram: “Görəsən bizim rahat
yaşamağımız üçün canından keçən bu şəhidlər də bizim kimi adi adamlardırlar?”
28 il sonra o balacaya özüm cavab verirəm: “Xeyir, balaca, onlar adi adamlar
deyilmişlər. Bizimlə birlikdə böyüyüb, bizimlə bir yerdə yaşasalar da, sən demə
adi adamlar deyilmişlər”
Addımlarımız Şəhid Teymurun məzarının
qarşısında dayanır. Gəlmişəm dostum… Bu gün də sizə “hər şeyə görə sağ olun”
deməyə gəlmişdim.
Əli Rzazadə
Şərqşünas-yazar