İlk olaraq bildirmək istəyirik ki, dünən bir qrup radikal dini qruplaşmanın Londondakı səfirliyimizə etdiyi hücumu qətiyyətlə pisləyir və bunu təxribat olaraq dəyərləndiririk.
Bildiyiniz kimi, Azərbaycan ərazisində ayrı-ayrı dinlərin və məzhəblərin nümayəndələri daim sülh içərisində yaşamışlar. Hər zaman bir-birlərinə qarşı dözümlülük göstərmiş, hətta qohumluq əlaqələri ilə bu münasibətləri möhkəmləndirməyə çalışmışlar. Heç vaxt bir məzhəbin nümayəndəsi digər məzhəbin nümayəndəsinə pis niyyətdə olmamışdır. Eyni zamanda Azərbaycan dövləti tərəfindən də bütün dini konfenssiya nümayəndələrinə lazımi qayğı göstərilmiş və hər birinə ədalətli davranılmışdır. Məhz bu cür addımların nəticəsidir ki, Azərbaycan dövləti bütün dünyada multikultural dövlətlər arsında xüsusi yer almışdır. Hətta Azərbaycan multikulturalizmi modeli dünya ölkələrində bir dərslik olaraq tədris olunmuş və hal-hazırda da tədris olunmaqdadır. Azərbaycan xalqının bu uğurlarını həzm edə bilməyən bəzi qüvvələr dünən Londondakı səfərliyimizə hücumlar edib, bayrağımızı təhqir edərək millətimizə, vətənimizə, dövlətimizə qarşı öz mənfur niyyətlərini bəyan edirlər. Ən təəssüfləndiyimiz məqam isə bu hərəkəti edənlərin özlərini müsəlman adlandırmasıdır.
Bunu da qeyd etmək yerinə düşərdi ki, İslam dini heç vaxt fitnəkarlığın, terrorun, qarşıdurmanın tərəfdarı olmayıb. Əksinə sülh, salamatlıq, əmin-amanlıq dini olan İslam daim insansevərliyin, vətənə bağlılığın, elmə və məntiqə bağlılığın tərəfdarı olmuşdur. Azərbaycanda da dindarlar hər zaman bu prinsiplər əsasında öz vətənlərinə bağlı olmuş, onun müdafiəsində iştirak etmiş və dövlətlərinə qarşı istər siyasi, istərsə də hərbi çirkin əllərin uzanmasının qarşısını almışlar. Dünən dövlətimizə və dövlət atributumuza qarşı hörmətsizlik edən dırnaqarası “Mehdinin xidmətçiləri” adlı radikal qruplaşma İslam böyüklərinin, müqəddəslərinin adlarını şüar edərək din adına kölgə salmaqdadırlar. Çünki əsl dininə bağlı olan, din sevgisindən düzgün şəkildə bəhrələnənlər məhz 44 günlük Vətən müharibəsində həqiqi İslamı, imanı göstərərək qəlblərində və dillərində Allahın sevgisi, Onun Rəsulunun sevgisi, Rəsulunun Əhli-beytinin sevgisi və Vətən sevgisini iqrar edərək torpaqlarını düşmənin caynaqlarından çəkib xilas etdilər. Bu insanlardır əsl müsəlman və mömin olanlar. Yoxsa ki, insanlar arasında təfriqə yaradıb, qarşıdurma yaradanlarda nə din var, nə də vicdan.
Ölkəmizə qarşı təxribat edənlər bilsinlər ki, Azərbaycan dindarları bu təxribata qol qoymayacaq və həmin o qüvvələrin mənfur planlarını yerlə bir edib öz birliyimizi qoruyacaq. Onlar bunu birdəfəlik özlərində həkk etsinlər ki, Azərbaycan cəmiyyətində radikal, ekstremist qüvvələrə, onların destruktiv ideologiyalarına yer yoxdur və Azərbaycan dindarları heç vaxt belə qüvvələrin məkrli təxribatlarının ardınca getməyəcəklər. Bu qüvvələr çox gözəl bilirlər ki, Azərbaycan dövlətinin son Zəfəri milli, dini birliyimizdən irəli gəlir. Ona görə də bu birliyimizi hədəfə alaraq cəmiyyət arasında iğtişaşlar salmaq niyyətindədirlər. Heç bir qüvvə güclü, sarsılmaz Azərbaycan dövlətinin bayrağını endirə, mənəviyyatımıza, birliyimizə, mənəvi ənənələrimizə xələl gətirə bilməz. Milli-mənəvi dəyərlərin uca tutulduğu, milli-dini dəyərlərin qorunub saxlanıldığı ölkəmizdə heç bir qüvvə və ya qüvvələr, qruplaşmalar, birləşmələr vəhdətimizə xələl gətirə bilməzlər. Minilliklərlə bir-birinə bağlı olan xalqı parçalayıb, fikir ayrılığına sala bilməzlər. Nə qədər ki, bu cür məkirli planlarla üstümüzə gəlinəcək bir-birimizdən möhkəm tutacaq, bu çətinliklərə sinə gərəcək, müstəqil Azərbaycanımızın bayrağını səmalarda dalğalanması üçün səy edəcəyik. Bu birliyimiz bizim yeni-yeni Zəfərlərimizin sərmayəsi olacaqdır!
Elvin Talışınski
"Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri
Qorxmaz Paşayev
"Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədr müavini