28 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu 25 nömrəli tam orta məktəbdə "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vətənim Azərbaycandır!" layihəsi çərçivəsində 8-12 yaş məktəblilər arasında vətənpərvərlik haqqında şeir müsabiqəsi keçirildi. Tədbir, Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı və 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımız 1 dəqiqəlik sükutla yad olundu. Daha sonra tədbiri giriş sözü ilə 25 nömrəli tam orta məktəbin direktoru Fəridə Şərifova açaraq hər kəsi salamladı və vətənpərvərlik haqqında, vətən sevgisinin önəmi barəsində danışdı.
Sonra söz "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri Elvin Talışınskiyə verildi. E.Talışınski milli-mənəvi dəyərlərimizin qorunmasından, vətənpərvərlik hisslərinin yeniyetmə və gənclərə aşılanmasının vacibliyindən bəhs etdi. Həmçinin o, bu cür tədbirlərin və müsabiqələrin həyata keçirilməsinin vacibliyini, eyni zamanda yeniyetmə və gənclərdə formalaşdırılması istiqamətində işlərin görülməsinin daha çox olmasını qeyd etdi.
Növbəti çıxış üçün söz "YOL" yol hərəkəti iştirakçılarının maarifləndirilməsi və təhlükəsizliyi İctimai Birliyinin sədri Rüfət Axundov vətənə məhəbbətdən, vətən sevgisindən danışdı. Bu hisslərin kiçik yaşlarından uşaqlarda formalaşdırılmasından, inkişaf etdirilməsi məsələlərinə toxundu.
Daha sonra "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədr müavini Qorxmaz Paşayev ümumi layihə haqqında bəhs etdi. Müsabiqənin şərtləri haqqında geniş şəkildə müsabiqə iştirakçılarına və münsiflər heyətinə məlumat verdi. Təşkilatın bu günə qədər gördüyü işlərdən danışdı.
Çıxışçılardan sonra söz şeir müsabiqəsinin iştirakçılarına verildi. Müsabiqə iştirakçıları yaradılmış münsiflər heyəti tərəfindən hər biri tək-tək dinlənildi. İştirakçılar arasından Cəbrayılzadə Gülay 1-ci, Əliyev Ayxan 2-ci, Rəşidova Liana 3-cü yerlərin qalibləri oldular. Qaliblərdən əlavə 7 nəfər iştirakçıya həvəsləndirici mükafatlar və sertifikatlar təqdim olundu. Sonda müsabiqə və tədbir iştirakçıları ilə birgə xatirə foto şəkil çəkdirildi.