İnsan və mənəviyyat

Bildiyiniz kimi, insanın həqiqət və mahiyyəti barəsində müxtəlif baxışlar vardır. Ümumi baxışda əsasən iki nəzəriyyə mövcuddur: materialistlər və ruhçuların nəzərləri. Ruhçuların fikirincə, insan cism və ruhdan ibarət bir həqiqətdir ki, ölməklə fani olmur və əbədi olaraq qalır. Dini məntiq, xüsusilə islami mətnlər bu məsələyə dəlalət edir. İkinci nəzəriyyə isə budur ki, bu, bədəndən başqa bir şey deyil və ölməklə tamamilə məhv olur. Bədənin dağılaraq aradan getməsi insan şəxsiyyətinin dağılaraq məhv olması deməkdir.

İnsanın həqiqət və mahiyyəti barəsində belə böyük fikir ayrılığının olmasına baxmayaraq, bu mövzu ilə bağlı digər məsələ barəsində heç bir ziddiyyət və fikir ayrılığı yoxdur. Həmin məsələ isə bundan ibarətdir ki, mənəviyyat adlandırıla bilən bir sıra qeyri-maddi işlər insana dəyər verir, və onu  şəxsiyyət kimi formalaşdırır. İnsanın insanlığı da məhz bu işlərə bağlıdır. Belə ki, əgər bunlar insandan alınsa, onun heyvanla heç bir fərqi olmaz. Başqa sözlə desək, insanın insanlığı onun cismi quruluşu, yəni, bir baş, iki qulaq, enli dırnaq və danışmaq kimi xüsusiyyətlərə malik olması ilə deyil. Bəli, bunlar insanlıq deyil. Sədi bu mətləbi öz şeirində buna açıqlama vermişdir. Şeirin məzmunu bu cürdür:

İnsan bədəni onun insanlıq ruhuna malik olması səbəbilə şərafətlidir. Bu gözəl paltar adamlıq nişanəsi deyil. Əgər adamlıq göz, dil, qulaq və burunla olsaydı, adamlıqla divar arasında nə fərq olardı?

Əgər insanlıq bu bədənin olmasıyladırsa, hamı anadan adam doğulur. Amma məsələ belə deyil. Adamlıq bir sıra sifət, əxlaq və mənaların mövcud olması ilədir ki, insan onların nəticəsində dəyər və şəxsiyyət əldə edir. Bu gün insanı dəyərləndirən  və onu şəxsiyyət edən, onlar olmadıqda insanın heyvanla heç bir fərqinin olmaması nəticəsini göstərən şeylərə “insani dəyərlər” deyilir.

Elə məhz bu dəyərlərə insan sahib olmaq üçün öz mənəviyyatına fikir verməlidir. Necə ki, insan öz maddi ehtiyaclarına önəm verir. İnsanın mənəvi ehtiyacları da vardır ki, onları da qarşılamalıdır. Əgər bu ehtiyaclardan birinə önəm verib digərini düşünməzsə əsl mahiyyət və həqiqətindən uzaqlaşmış olar.

Biz nəzər saldıqda görürük ki, insana ümumi olaraq “adam” və xüsusi olaraq “insan” deyə müraciət olunan iki kəlmə var. Əvvəldə də qeyd etdiyimiz kimi, dili, qulaqları, burnu, başı olan adamdır. Amma insan anlayışı isə bunların fövqündədir. İnsan, Qurani-Kərimin və hədislərin dediyi kimi, ali bir varlıqdır. O varlıq ki, onda mənəviyyat çeşmələri aşıb daşır. Həmin o insan ki, cəmiyyət onun əlindən, dilindən və belindən heç bir pislik görmür, getdiyi hər bir yerə işıq saçır, daxil olduğu hər bir məclisdə təbəssüm yaradır, dünyada olması cəmiyyət üçün faydalı və xeyirlidir, köçməsi isə faciədir. Məhz bu cür insanlar cəmiyyətləri xilas edə bilərlər. Eyni zamanda cəmiyyətdəkilərin də borcudur ki, o insanların dəyər və qiymətini bilsin. Onlara qayğı göstərib qorusun.

Bu sadaladıqlarımıza çatmaq üçün insan gərək daim öz üzərində çalışsın. Çünki, Quran məntiqində də bu var ki, insan bir işdən yoruldusa, məşğuliyyətini dəyişsin, yəni, dayanmasın, daim hərəkətdə olsun. Bu cür mənəvi dəyərlərə çatmaqdan ötrü Allah bizə həyatımız boyunca  fürsətlər verir. Misal üçün, onlardan biri də Ramazan ayının hikməti və savabıdır. Müqəddəs Ramazan ayı başqa adla mənəviyyat ayıdır. Bu bir fürsətdir ki, insan özünü mənəvi cəhətdən inkişaf etdirsin. Necə ki, idman edərək öz cismini gücləndirir. Bu ay fürsət ayıdır ki, ruhumuzu gücləndirək, ətrafımıza yaxşılıqlar edək, paylaşmağı öyrənək, içərimizdə olan kin, küdurət, paxıllıq və bəzi xoşagəlməyən hissləri atıb yerinə sevgi, mərhəmət, məhəbbət və şəfqət dolduraq.

Beləliklə, insan mənəviyyatını, mənəvi əhval-ruhiyyəsini yüksəltməyə daim can atmalıdır. Sonda əziz oxucular bunu qeyd etmək istəyirəm ki, əgər mənəvi dəyərlərə çatmaq istəyiriksə, gəlin həmin dəyərlərə vaxt ayıraq.

Qorxmaz Paşayev

ilahiyyatçı