30 may 2022-ci il "YOL" yol hərəkəti iştirakçılarının maarifləndirilməsi və təhlükəsizliyi İctimai Birliyi təsis yığıncağı keçirildi.
Yığıncağı İctimai Birliyin təsisçisi və sədri Rüfət Axundov açaraq tədbir iştirakçılarını salamladı və bu sevincli günü onunla bölüşdükləri üçün öz minnətdarlığını bildirdi. R.Axundov İctimai Birliyin vəzifə və məqsədləri haqqında ətraflı məlumat verərək bildirdi ki, "YOL" İctimai Birliyinin əsas məqsədi vətəndaşların yol təhlükəsizliyi sahəsində maarifləndirilməsi və nəticə olaraq yol nəqliyyat hadisələrinin, həmçinin onların nəticəsində zərərçəkənlərin sayının azaldılmasıdır.
Axundov Rüfət "YOL" yol hərəkəti iştirakçılarının maarifləndirilməsi və təhlükəsizliyi İctimai Birliyinin təsis olunması məsələsinin səsverməyə çıxarılmasını təklif etdi. Təklif səsə qoyularaq yekdilliklə qəbul edildi.
Növbəti çıxış üçün söz "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınskiyə verildi. E.Talışınski ilk öncə İctimai Birliyin təsis olunması münasibətilə təsisçiləri təbrik etdi və bu istiqamət üzrə vətəndaş cəmiyyətinin maarifləndirilməsinin vacibliyini qeyd etdi. O, “YOL" yol hərəkəti iştirakçılarının maarifləndirilməsi və təhlükəsizliyi İctimai Birliyinin təsisçisi və sədri kimi Axundov Rüfəti, sədr müavini və iclasın katibi olaraq isə Axundova Talehə xanımın təyin olunması təklifini irəli sürdü.Təklif səsverməyə çıxarıldı və yekdilliklə qəbul edildi.
Daha sonra sabaha-inamla.az saytının rəhbəri, jurnalist Namiq Məmmədli çıxış edərək İctimai Birliyin təsis olunmasının məqsədəuyğun olduğunu, qeyd olun sahə üzrə maarifləndirmənin vacibliyini qeyd etdi.
Tədbirdə həmçinin "Elin Səsi" İctimai Birliyinin sədr müavini Qorxmaz Paşayev və Könüllülərlə iş üzrə Departamentinin rəhbəri Tamerlan Qasımlı, biologiya üzrə elmlər doktoru Elmira Axundova, Yaşar Axundov və başqaları çıxış etdilər. Təşkilatın sədr müavini Talehə Axundova da öz növbəsində yığıncaq iştirakçılarına “YOL” yol hərəkəti iştirakçılarının maarifləndirilməsi və təhlükəsizliyi İctimai Birliyinin Nizamnaməsi barədə geniş məlumat verdi. Nizamnaməyə bir sıra dəyişikliklər və əlavələr edildi və yekun sənəd hazırlanaraq yekdilliklə qəbul olundu.
Sonda Birliyin təsisçisi və sədri Rüfət Axundova Birliyin dövlət qeydiyyatından keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etmək səlahiyyətinin verilməsi təklifi edildi.
Yığıncaq iştirakçılarının yekdil səsverməsi nəticəsində alınan qərara əsasən, Rüfət Axundova Birliyin dövlət qeydiyyatından keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etmək səlahiyyəti verildi.