17 sentyabr 2023- cü il tarixində "YOL" Yol Hərəkəti İştirakçılarının Maarifləndirilməsi və Təhlükəsizliyi İctimai Birliyi tərəfindən "YOL HƏYATDIR" adlı layihə davam etdirilməkdədir. Təşkilatın növbəti işi videoçarx formatında həyata keçirilmişdir.
Bu dəfə ictimaiyyətin xüsusən də gənc nəslin yol təhlükəsizliyi istiqamətində maarifləndirilməsi yaşlı nəslin onlara çağırışı şəklində təqdim edilmişdir. Bu layihədə iştirak etmək üçün Azərbaycan Respublikasının xalq artisti Cavan Zeynallı təşkilatın təklifini böyük məmnuniyyətlə qəbul edərək həmin çarxda çəkilməyə razılıq verdi. O, təşkilatın bu sahədə aparılan işlərini yüksək qiymətləndirmiş, yeniyetmə və gənclərin, eləcə də bütün yol hərəkəti iştirakçılarının sağ qalmaq naminə yollarda məsuliyyətli olmaları və yol hərəkəti qaydalarına riayət etməklərinin vacibliyini vurğulamışdır.
Çəkiliş piyadalar tərəfindən yol hərəkəti qaydalarının mütəmadi pozulduğu Azadlıq prospekti 15 A ünvanında yerləşən piyada keçidinin yaxınlığında baş tutmuşdur .
Təşkilatın rəhbəri Rüfət Axundov bu çağırış - şüarın piyadalar tərəfindən qayda pozuntularının azalması, onların potensial riskləri dərk etmələri, eləcə də hərəkət iştirakçılarında yol mədəniyyətinin artırılmasına müsbət təsir göstərəcəyinə böyük ümid bəsləyir.
Çəkilişə göstərdiyi dəstəyə görə Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.