“Hər zərərdə bir xeyir var”
Əgər bir fərdin bir psixoloqa ehtiyacı varsa, psixoloqun iki psixoloqa ehtiyacı var - deyimi də bəlkə ona görə deyilmişdir ki, özünü idarəetmə, həyatın sürpriz problemləri qarşısında düzgün qərar vermək üçün müəyyən bir ixtisasa sahib olmaq bu problemləri həll edən məsələ deyil. Psixoloqların açıqlamalarına görə günümüzdə psixoloji məsləhətə ehtiyac duyan, psixoloqa müraciət edən vəya müxtəlif səbəblərdən müraciət etməyi özünə sığışdırmayıb, ötəri problemlər qarşısında naəlac qalanların əksəriyyəti, ruh düşkünlüyündən, depressiyadan əziyyət çəkən gənclərdir. Ruh düşkünlüyü mütəmadi xarakter alarsa, artıq bir xəstəliyə çevrilir, adi halda belə qəmginlik, üzgünlük, səbəbsiz narahatlıqlar yaradır.
Buna səbəb isə insanın bir neçə dəfə cəhdlərinin uğursuz alınması ilə özünü “uğursuz insan”, onu tanıyanlar qarşısında reputasiyasını itirmə qorxusu hiss etməsidir. Yaranan bu kiçik hiss, daha sonra öz dərin təsirlərini buraxaraq insanı həyata, varlığa nifrətə, Yaradanın ondan üz döndərdiyi fikrini əks etdirərək onu üsyana qədər aparıb çıxarır.
Lakin insan üçün baş verən uğursuzluğun yalnız bircə mənfi təsiri var, o da yuxarıda qeyd etdiyimiz ruh düşkünlüyüdür. Bəli, əmin olun, ikinci mənfi təsiri belə yoxdur. Uğursuzluq mənfi səslənsə də, onun müəyyən üstün cəhətləri də var. Qəribə gəldi, deyilmi? Ancaq həqiqət budur. Məsələyə mənəvi tərəfdən yanaşsaq uğurzuluq o demək deyil ki, Yaradan bizi unudub. Nə bilirik, bəlkə hər hansı bir cəhdin uğurlu alınmaması o deməkdir ki, hədəfə çatmağın başqa daha gözəl bir yolu var və Yaradan bizə başqa gedişlə məqəsədə çatmağı tövsiyə edir.
Və ya... qarşımıza məqsəd və hədəf kimi qoyduğumuz və ona tərəf hərəkət etməkdə olduğumuz obyektin seçimində yanlışlığa yol vermişik və ona çatmaq bizim üçün zərərdən başqa bir şey vəd etmir. “Uğursuzluq”, o zərər və ziyanla bizim aramızda bir sipər, qalxan, həmin hədəfə çatacağımız təqdirdə üz verə biləcək daha ağır zərbədən bizi qoruyan “hava yastığı”. Qəza zamanı sürücünü ölümdən xilas edən hava yastığının zərbəsini xatırlayın. Hava yastığı sürücüyə zərblə dəyir, lakin o zərbə, az sonra ehtimal olunan ağır xəsarətdən daha yaxşıdır.
Bu kimi misalları yüzlərlə göstətə bilərik. Uzun müddət övladları olmayan tanışlarımın birindən onun üçün həyatın mənasının nədən ibarət olduğunu soruşmuşdum. Axı, bizi əhatə edən cəmiyyətdə adətən evliliklər övlad dünyaya gətirmək və yalnız bununla xoşbəxt olmağın mümkün olduğunu düşüncəsində olanlar kifayət qədərdir. Eləcə də, bizdə bəzən övladı olmayan ailələr “uğursuz evlilik” hesab edilir. Lakin müxatəbim ünvanlanan suala olduqca pozitiv cavab verdi:
“Evliliyin əsas qayəsi nəsil artırmaq, çoxalmaq olsaydı, o zaman bütün insanların övladı olmuş olar, dünyada övladı olmayan insanlar olmazdı. Tanrı insan fitrətinə zidd heç bir işə əl atmaz. Nəslin davamı evliliyin əsas qayəsi yox, qayələrindən biridir. Evlilikdə əsl, ana məqsəd insanın tək yaşamamasını təmin etmək, həyat yükünü paylaşmaq, tənhalığın iztirabından qurtulmaqdır”...
Əli Rzazadə
şərqşünas, tədqiqatçı-yazar