Bir zaman düşünürdüm ki, bəlkə də indi bəzi bölgələrdə bu adətlər az da olsa hələ də qalmış olsun, amma biz yeniyetmə olanda bizim cənubda belə bir adət də vardı; adına “İməclik” deyirdilər. Kimsə özü üçün ev tikmək istəyirdisə, el-oba, qohum-əqrəba, qonum-qonşu yığışıb onun həyətində “fəhləlik” edirdi. Ev sahibi yalnız bənnanın zəhmət haqqını ödəyərdi. Və beləliklə, bu birlik və həmrəyliklə, bir evin tikintisi baha başa gəlməzdi, insanlar elliklə ev sahibinin yükünü çiynindən götürürdülər. İndi çox nadir halda qalsa da, onda toylar şadlıq saraylarında yox, həyətlərdə qurulmuş mağarlarda keçirilirdi. Toyların aşpazıları qonşu nənə, xalalar, ofisantı da elin obanın yeniyetmələri idi, hərə bir işin qulpundan yapışırdı. Toy təkcə bir ailənin yox, bütün kəndin toyu idi, hər kəs özünü ev sahibi, toy yiyəsi kimi hiss edirdi. Ev sahibi mağarın nə vaxt qurulduğunu bilməzdi; toydan bir gün öncə el qurar, toyun səhərisi el də sökərdi. Qurulan mağar da kirayə götürülməzdi, elin topladığı pulla alınmış mağardan istifadə olunurdu. Toyda istifadə edilən qab-qacağın tək sahibi yox idi, elin idi, hamıya məxsus idi.
Bir məhəllənin qızı, oğlu, uşaqı, bacısı-qardaşı sanki bütün məhəlləyə aid idi. Onda insanlar arasında böhtan, şər də yox idi. Və düşünürdüm ki, bu hadisə, bu hərəkat indiki yeniyetmələrə təəccüblü gələr. Bəlkə texnologiyanın dəyişdirdiyi nəsillərmi, yoxsa mənəvi baxımdan insanların boşluqda olmasımı insanlar arasında bu kimi qədirbilənliyi, haqq-salamı, birliyi aradan qaldırmış, soyuqluq, laqeydlik yaratmışdır- deyə düşünürdük.
Amma və lakin.. bütün bunlardan narazılıq edən hər birimiz fitrətimizin dərinliyində hiss edirdik ki, xalqımızın təhtəl- şüurunda öz milli birlik fəlsəfəsi, həmrəylik konsepsiyası var. Oyanışını gözləyən bir milli birlik, həmrəylik fəlsəfəsi. Sussaq da, varlığına əmin idik. Hansı ki, 44 günlük milli birlik bir daha özünü göstərdi ki, sən demə biz keçmişdə olduğu kimi bir yerə toplaşıb “iməclik” institutunu yenidən bərpa edə, ona təkan verə bilərmişik. Həm də olduqca çətin bir işi aşıra bilərmişik. Bu, ev tikmək, ağac əkmək kimi elementar hadisədə birlik nümayiş etdirmək deyil. Bu iməclikdə, vahid amal üzərində birləşib, çiyin -çiyinə təkan vermək, canından qanından keçmək kimi şərəfli və çətin bir işi aşırmaqdır.
Bu gün noyabrın soyuq günlərindən biridir. İşğal altında olan Kəlbəcərə müzəffər ordumuz ayaq basır. Mənsə, illər öncəni xatılayıram. Toğananın içindən üzü Kəlbəcərə doğru yol gedirdi. Yadımda qalanı, sağ tərəfdə Əzgilli, bir az kənarda isə Kürdallar kəndləri var idi. Əzgilliyə tez –tez gedərdik. Kəndin qırağında Kəpəz dayı yaşıyırdı. Hər dəfə evinin qarşısından keçəndə bizi evinə qonaq dəvət edərdi. Bu kəndi, Kəpəz dayının evinin qarşısından keçməyi çox sevərdim. Onun evinin qarşısından möhtəşəm Kəpəz dağı görünürdü, məsafənin uzaqlığına baxmayaraq adama elə gəlirdi ki, əlini uzatsan Kəpəzin haça qulaqlarına dəyəcək. “Yağış” romanında oraları geniş təsvir etmişəm. Elə indi də Toğana üçün, Murov üçün darıxanda “Yağış”ı oxuyuram. O yolları əsgər formasında, əlimizdə silah, piyada, yuxardakı postlara doğru getməyimizi xatılayıram. Koroğlu və Ömər postlarına çatmamış səngərlərimiz vardı. Bu yerlərdən o tərəfə isə getmək bizim üçün qadağan idi. Hər gedəndə torpaqlarımıza ayaq basa bilmədiyimiz üçün məyus qayıdardıq. Amma bu günün əsgəri həqiqətən xoşbəxtdir ki, ayağı o torpaqlarmıza dəyir. Dostum şəhid Teymur “siz televizorda gördüyünüz azad olunmuş torpaqlara bizim ayağımız dəyir” deyib sevinməsi qədər böyük xoşbəxlik yaşayır bu günün əsgəri. İndi təsəvvür edəndə ki, artıq ordakı düşmən postları daha yoxdur, həqiqətən möcüzəni hiss etməmək olmur.
Qəlbimin bir tərəfi sevinir ki, bir neçə gün öncə Ağdam torpağı nəfəs aldı. Qəlbimin bir tərəfi sevinir ki, bir neçə gün sonra Laçını da azad edəcəyik. Qəlbimin digər tərəfində isə nisgilin, kədərin, itkinin buraxdığı iz, sızlamaqda davam edir. Sanki, bu iki hiss, kədər və sevinc də insanlarımız kimi həmrəy, qol boyun olub taxt qurublar qəlbimdə.
Noyabrın soyuq günlərindən bir gün, bu sevinc və kədəri bölüşmək üçün “İkinci fəxri xiyabana” ayaq basıram. Xiyabanın qapısından gircək daşlaşmış baxışlar, tanış simalar gözünü dikib giriş qapısından girən zəvvarlara. Şəkillərdəki təbəssümə bürünmüş simalar, arzuya çatmış, murada ermiş sevinc dolu baxışlar, sanki dikilib xiyabanın giriş qapısından içəri addım atan qələbə müjdəçilərinə. Yan-yana, çiyin -çiyinə düzülmüş boz mərmər daşlar da bu xalqın milli birliyinə, həmrəylik fəlsəfəsinə, iməcliyinə qoyulmuş füsunkar abidələrdir.
Əli Rzazadə
şərqşünas, tədqiqatçı - yazar