Müəllimə bugünki dərsində şagirdlərinə öz ailələri barəsində qısa bir imla yazmağı tapşırdı. Marina oxuduğu sinifdə Fatiməylə bir partada əyləşmişdi. Fatimə dərhal dəftərini masaya qoyub yazmağa başladı. Marina isə fikrə dalıb özü-özünə belə deyirdi: Axı mən nə yazım ?!
Marina evin tək övladıdır. Ata və anası isə neçə müddətdir ayrı yaşayırlar. Marina isə anası ilə bir evdə yaşayır. Atası ay ərzində bir dəfə, bəzən isə daha gec Marinanın görüşünə gələrək qızını görür. Çox vaxt isə uşaq əyləncə mərkəzlərinə gedir, orada vaxtlarını keçirirlər. Bu vaxt ərzində Marina oyun oynayır və ya kafedə atasının yanında əyləşir, xoşuna gələn yeməklərdən yeyir. Atası isə çay içir və ya telefonla danışır. Anası isə iş qadınıdır. Səhər evdən çıxır, axşam gec saatlarda evə qayıdır. Marinaya əvvəllər dayə nəzarət edirdisə, artıq özü -öz işlərinin öhdəsindən gələ biləcək yaşdadır.
Bu səbəbdən də Marina nə yazacağını bilmirdi. Çünki onun uşaqlığını, xoşbəxtliyini valideynlərinin düşüncəsizliyi əlindən almışdı. Marinanın necə həyat yaşayırsa onu da imlasında qeyd etməkdən başqa çarəsi yox idi. Özü istəməsə də həqiqət bu idi. Tərəddüdlə dəftərini açıb həyatını yazmağa başladı.!
Fatiməyə gəlincə isə əslən azəri, lakin Rusiya Federasiyası vətandaşı olan bir ailənin üzvüdür. Atası Məhəmməd iş üçün Rusiyaya gəlmiş, burada yaşamağı qərara almışdı. Beləcə Fatimə və bacısı elə burada dünyaya göz açmışdılar.
Müəllimə növbəti dərsində hər kəsin yazısını oxuduğunu, ailə vəziyyəti ilə tanış olduğunu söylədi. Bu yazıların içərisindən Fatimənin imlasını sinifdə hər kəsə oxuyacağını bildirib, oxumağa başladı.!
Fatimə belə yazırdı:
Mən Fatimə Məhəmməd qızı Rusiya vətəndaşı olan azəriyəm. Mən, atam, anam və bacımdam ibarət kiçik bir ailəmiz var. Anam evdar qadındır. Bacımla mən isə hər gün məktəbə gedib evə qayıdırıq. Atam uzun zamandır ticarətlə məşğuldur. Hər gecə evə gəldikdən sonra biz yatana qədər vaxtını bizimlə keçirir, dərslərimizi soruşur. Anam və bacımla oyunlar oynayırıq. Atam hər gecə yarım saat ucadan kitab oxuyur, biz də onu həvəslə dinləyirik. Bu minvalla bir çox kitabı oxuyub bitirmişik.
Hər zaman atam evə gələndə biz onun qarşısına qaçıb onu qarşılayırıq. Atam bizi görcək qucaqlayıb alnımızdan öpür. Atamın bizi çox sevdiyi hər halından aydın şəkildə anlaşılır. Elə biz də onu çox sevirik.
Qarlı havada məktəbdən evə qayıdan Marina Fatimənin yazısından çox təsirlənmişdi. Ayağı altında qarın xışıltı səsi ilə yol gedən Marina bir ailənin, ata və ananın bir yerdə yaşamasının övlad üçün necə gözəl, həyatı necə isidə biləcəyini və xoşbəxt edəcəyini düşünürdü. Lakin valideynləri bu duyğuları yaşamağı ondan almışdılar.
Marinanı ən çox təəccübləndirən isə Fatimənin axır sözləri idi. Fatimə belə yazırdı:
Mən atamın qayğısına qalır, ona xidmət etməyə çalışıram. Çünki atamı çox sevirəm. Bəzi vaxtlarda mən atamın yanına gələrkən atam yerindən qalxaraq məni öz yerində əyləşdirib belə deyir:
"Qızım Fatiməcan, sən atanın anasısan. Sən atana qarşı çox qayğıkeş və sevimlisən."
Dadaşzadə Kamran
İlahiyyatçı, yazar