Hər şey Vətən üçün!

15 yanvar 2021-ci il "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin və Rezonans.az informasiya portalının təşkilatçılığı ilə İkinci Qarabağ müharibəsi şəhidi, Xüsusi təyinatlı mayor Mikayılov Azər Əmrah oğlunun xatirəsinə həsr olunmuş "Hər şey Vətən üçün!" adlı görüş keçirildi. Görüşdə ziyalılar, ictimai fəallar və gənclər iştirak etdi. Görüşdə şəhid Azər Mikayılovun keçdiyi həyat yolu, vətənə olan bağlılığı və göstərdiyi şücaət haqqında şəhidin atası Əmrah Mikayılov və qardaşı Anar Mikayılov məlumat verdi. Sonra millət vəkili Aydın Hüseynov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, Bakı İslam Universitetinin kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski və "Elin Səsi" MMDQ ictimai birliyinin sədr müavini Qorxmaz Paşayev də  çıxış edərək dövlətimizin, xüsusilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin şəxsi nəzarəti ilə şəhid ailələri və qazilərə göstərdiyi qayğıdan danışdılar. Bununla yanaşı natiqlər Vətən Müharibəsi şəhidlərimizin, onların ailələrinin yad olunmasının, cəmiyyətə qəhrəmanlarımızın tanıdılmasının hər bir vətəndaşın mənəvi borc olduğunu qeyd etdilər. 

Məlumat üçün bildirək ki, bu layihə çərçivəsində bundan sonra da yeniyetmə və gənclərlə Şəhid ailələrinin, qazilərin görüşləri təşkil olunacaqdır.