Dövlət tərəfindən vətəndaş cəmiyyəti təşkilatlarına daha çox diqqət ayrılacaq, QHT-lərin maliyyə imkanlarının və resurslarının artırılması gözlənilir.
Bu fikirləri açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib. Ekspert qeyd dib ki, son zamanlar müxtəlif sahədə aparılan islahatların əsas məqsədi dövlətimizin inkişafı, ölkə əhalisinin sosial vəziyyətinin və hüquqlarının müdafiəsinin gücləndirilməsi, ictimai-siyasi mühitin sağlamlaşdırlması, ictimai nəzarətin inkişaf etdirilməsi və digər yeni çağırışlara adekvat cavab verməkdir.
“Qeyd olunan sahələrdə aparılan islahatların həyata keçirilməsində əsas aktorlardan biri də vətəndaş cəmiyyəti təşkilatlarıdır. Prezident İlham Əliyev hər zaman qeyri-hökumət təşkilatların fəaliyyətinə xüsusi önəm vermiş və görüşlərində dəfələrlə ictimai nəzarətin vacibliyini, eyni zamanda müxtəlif tədbirlər planına QHT-lərin cəlb olunması vacibliyini qeyd etmişdir.”
C. Hüseynzadənin fikrincə ölkədə aparılan islahatlar və yeni çağırışlar nəticəsində bütün sahələrdə olduğu kimi QHT sektoru əlaqəli olan qurumlarda da yeni idarəetmə mexanizmlərinin yaradılması günün vacib tələblərindən biridir: “Bununla bağlı bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bazasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılır.”
Cənab Prezidentin imzaladığı Fərmanın giriş hissəsində qeyd edilmişdir ki, “Ötən dövr ərzində qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin inkişafında fəal rol oynamış, ölkənin milli maraqlarının qorunmasında, müxtəlif sahələr üzrə dövlət proqramlarının icrasında, həmçinin cəmiyyət həyatının bir sıra sahələrində yaranan problemlərin həllində yaxından iştirak etmişlər.”
Təşkilat sədri bildirib ki, ötən dövrün təcrübəsi və əldə olunan nəticələrin təhlili bu sahədə fəaliyyətin daha təkmil əsaslar üzərində qurulmasını tələb edir. Sirr deyil ki, QHT-lər tərəfindən müxtəlif fəaliyyətlərlə bağlı dəfələrlə məsələlər qaldırılmış və QHT sektorun inkişafı üçün bəzi addımların atılması vacibliyi qeyd edilmişdir.
“Hesab edirəm ki, yeni agentlik vətəndaş cəmiyyətinin dayanıqlı inkişafına tövhə verəcək. QHT Şurasından fərqli olaraq, Agentliyin xeyli üstün hüquqları var. İlk öncə onu qeyd etmək lazımdır ki, Şuranın hüquqi statusunda qeyri müəyyənlik var idi. Yeni yaradılan Agentliyin hüquqi statusu daha üstündür. Beləki, Agentlik vətəndaş cəmiyyətinin inkişafı üçün əlavə hüquq və vəzifələr həyata keçirlməsinə səlahiyyətli olacaq. Cənab Prezidentə təşəkkür edirik ki, QHT-lərin fəaliyyətinə əsas dəstək verəcək Agentliyin 1 ay müddətində inzibatı bina ilə təmin olunmasını da müvafiq quruma tapşırıb.”
Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin 4 il müddətinə vəzifəyə təyin və vəzifədən azad etdiyi 11 (on bir) üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək.
QHT.az saytının rəhbərinin fikrincə, yeni Agentlikdə idarəetmədə edilən dəyişiklər Müşahidə Şurası üzvlərinin hüquqlarını artırmaqla yanaşı, həmin üzvlərin məsuliyyət məsələsini də əhatə edir. Cənab Prezident Müşahidə Şurasının 8 üzvünü QHT nümayəndələrindən təyin etməklə, idarəetmədə vətəndaş cəmiyyətinə üstünlük vermişdir. “Yeni yaradılan Agentliyin Nizamnaməsinə diqqət etsək görürük ki, bu agentliyə yeni və vacib səlahiyyətlər verilib. Bunlardan biri də qeyri-hökumət təşkilatlarının ictimai nəzarət sahəsində fəaliyyətini təşviq etməkdir. Son zamanlar ictimai nəzarətin daha yaxşı təmin olunması ilə bağlı narahatçılıqların meydana gəldiyi məqamda bu məsələnin önə çəkilməsi çox vacib məqamdır.”
İctimai birliyin sədri qeyd edib ki, Agentliyin yeni səlahiyyətləri sırasında müvafiq sahədə peşəkar mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsini təmin etmək diqqət çəkən məqamlardan biridir. “Uzun müddətdir bu sahədə peşəkarlıqla bağlı narahatçılıqlar səslənirdi. Ümid edirik ki, yeni yaradılan agentlik xarici təcrübəni tətbiq etməklə bu problemin də aradan qaldırılmasına tövhə verəcək.”
Şuradan fərqli olaraq, yeni QHT-lərə Dövlət Dəstəyi Agentliyinin əlavə maliyyə mənbələrinin formalaşdırlması hüququ da olacaq. Bu məqsədlə qrantlar, kreditlər və s. cəlb olunması mümkündür deyən QHT sahəsi üzrə ekspertin sözlərinə görə, yeni yaradılan Agentliyin bir vacib funksiyası da dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair layihələrin həyata keçirilməsində özəl sektorun iştirakını təşviq etmək olacaq. Bu problemlər bağlı QHT-lər dəfələrlə müvafiq qurumlar qarşında vəsatətlər qaldırsalar da, təəssüf ki, nəticəyə nail olunmayıb.Agentliyin nizamnaməsi eyni zamanda Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılmasına imkan edir. QHT sədrinin sözlərinə görə bu reallaşarsa region QHT-lərin inkişafı üçün mühüm tövhə ola bilər.
“Agentliyin vacib vəzifələrindən biri də Agentliyin fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi olacaq. QHT sektoru ilə bağlı vəziyyət haqqında təqdim ediləcək hesabat həm Agentliyin həm də tərəfdaş QHT-lərin məsuliyyətini xeyli artırmaqla, ölkədə vətəndaş cəmiyyətinin daha da güclənməsini şərtləndirəcək” – deyə Cəsarət Hüseynzadə qeyd edib.
Yeni yaradılan qurumdan gözəntilər də böyükdür. Ekspert Agentliyin QHT-lər ilə birlikdə vətəndaş cəmiyyətinin fəaliyyəti üçün yeni və daha münbit şərtin yaradılmasına öz dəstəyini göstərəcəyinə ümid etdiyini bildirib.
Mənbə: QHT.az