27 aprel 2021-ci il Modern Azərbaycan Yeniliklər və Təcrübə mərkəzinin təşkilatçılığı ilə gənclər üçün "Əslində sən kimsən?" adlı vebinar keçirilmişdir. Vebinarda əfsanəvi "Parni iz Baku" komandasının üzvü, əməkdar artist Cabir İmanov, AMEA-nın Elm Tarixi İnstitutunun şöbə müdiri, "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski və Azərbaycanın tanınmış transpersonal psixoloqu, Heydər Əliyev Sarayının prodüserlər mərkəzinin və Loqos psixoloji mərkəzinin psixoloqu İlqar Kərimov çıxış etdilər. 1000 nəfərdən çox gəncin iştirakı ilə həyata keçirilən vebinarda təlimçilər tərəfindən motivasiya xarakterli çıxışlar edildi, gənclərin sualları cavablandırıldı. Əsas müzakirə olunan məsələlər sırasında xüsusilə intiharın əsas səbəbləri, ümidsizlik və onlardan xilas olmağın yolları, eləcə də şəhid ailələri və qazilərə qarşı cəmiyyətin münasibəti təlimçilər tərəfindən işıqlandırıldı. Çıxışlar gənclərin böyük marağına səbəb oldu. Vebinarın üstün cəhətlərindən biri də təlimin interaktiv şəkildə keçirilməsi oldu. Sonda MAYT-ın rəhbəri Camal Kərimli bu cür maraqlı vebinarların davamlı olacağını qeyd etdi.