Nizami Gəncəvi və milli-mənəvi dəyərlər

16 iyul 2021-ci il tarixdə "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin təşkilatçılığı ilə onlayn, ZOOM proqramı üzərindən Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Nizami Gəncəvi və milli-mənəvi dəyərlər" mövzusunda elmi seminar keçirildi. 

Seminarda KİV nümayəndələri daxil olmaqla 100-ə yaxın şəxs iştirak edirdi. İlk öncə “Elin Səsi” MMDQ İB-nın sədr müavini, seminarın moderatoru Qorxmaz Paşayev hər kəsi salamladı və qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik etdi. Daha sonra seminarı açıq elan etmək üçün sözü "Elin Səsi" MMDQ İB-nın sədri, AMEA Elm Tarixi İnstitutunun Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, s.e.ü.f.d. Elvin Talışınskiyə verdi. Elvin müəllim təşkilatın milli-mənəvi dəyərlər sahəsində illərdir fəaliyyət göstərdiyini, xüsusilə gənclərdə milli vətənpərvərlik hisslərinin aşılanması, tariximiz, dahi şəxsiyyətlərimiz haqqında daha dolğun məlumatın əldə olunması məqsədilə mütəmadi olaraq bu cür seminarların təşkil olunduğunu bildirdi. E.Talışınski bu ilin Nizami Gəncəvi ili elan olunmasından ve Nizami şəxsiyyətinin gənclər arasında təbliğ edilməsinin vacibliyindən danışdı. Sonra söz Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin baş müəllimi, şərqşünas-tədqiqatçı Əli Rzazadəyə verildi. Əli müəllim öz növbəsində sözə Nizami Gəncəvinin “Əgər 100 il sonra soruşsanız ki, Nizami haradadır? Mənim hər bir beytim deyir o, burdadır” beyti ilə başladı. Əli müəllim çıxışında iki məsələyə toxundu. Birinci Nizaminin sufilik məsələsinə, yəni bəzi düşüncələrin yalnış olduğunu, Nizaminin sufi olmamasının Nizaminin eşqə baxışının irfani baxış olması ilə izah etdi. Ə.Rzazadə gender bərabərliyinin Nizami yaradıcılığının fundamental xətti olduğunu vurğulayaraq, onun bütün əsərlərində qadın azadlığına, elmə, savada üstünlük verdiyini diqqətə çatdırdı. Əli müəllimin çıxışından sonra Bakı İslam Universitetinin müəllimi, dinşünas, “Elin Səsi” ictimai birliyinin idarə heyətinin üzvü Cəlil Məmmədov çıxış etdi. Cəlil müəllim də Nizami Gəncəvinin yaradıcılığında bütün mənəvi dəyərlərə toxunduğunu, ailə, elm, təhsil lakin bunlarla yanaşı dini məsələlər haqqında mövzuların olduğunu hətta Nizaminin öz əsərlərində Peyğəmbərlərin həyatında baş verənləri xüsusi məharətlə qələmə aldığını nəzərə çatdırdı. C.Məmmədov qeyd etdi ki, Nizaminin bütün əsərlərinə baxsaq hər birinə tövhidlə başladığını görərik. Sonda isə ekoloq Vüsal İbrahimli çıxış etdi o, da Nizami Gəncəvinin əsərlərində ekologiya, təbiət hadisələrinə nəzər saldığını vurğuladı. Həmçinin o, Nizami Gəncəvinin bütün kainatda gedən təbii proseslərin hamısını gətirib varlığa Allaha bağlayır, deyə bildirdi.

Seminarın sonunda təşkilatçılar hər kəsə öz minnətdarlıqlarını bildirərək, təşəkkür etdilər.