Təşkilatımızın sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski 10 Dekabr – Ümumdünya İnsan Hüquqları Günü ilə əlaqədar Prezident Administrasiyası, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə işğaldan azad olunmuş Suqovuşan qəsəbəsi və Talış kəndinə səfər edib. Səfər çərçivəsində 30 ilə yaxın işğal altında qalan, hər zərrəsi uğrunda şəhid və qazilərimizin mübarizə apardığı torpaqlar ziyarət edilib. Qeyd edək ki, Suqovuşan və Talış kəndi uğrunda gedən qızğın döyüşlərdə çoxlu sayda şəhid verdiyimiz torpaqlardır. Sonra Tərtər rayon icra hakimiyyətində konfrans keçirilib və erməni vandallığı, terroruna qarşı etiraz səsi ucaldılan birgə bəyanat qəbul olunub. Konfrans iştirakçıları beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərin vicdanla icrasının və qarşılıqlı anlaşmanın əhəmiyyətini vurğulayaraq Ermənistan siyasi-hərbi rəhbərliyinin təcavüzkar və işğalçı siyasəti nəticəsində törədilmiş insan hüquqları pozuntularının, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozmaqla regionda törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlər ilə bağlı faktların beynəlxalq təşkilatlar tərəfindən araşdırılmasına, minalanmış ərazilərin xəritələri və digər zəruri məlumatların Azərbaycana təqdim edilməsi üçün Ermənistana təsir göstərməyə, Azərbaycana işğaldan azad olmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə dəstək verməyə, sülh naminə birgə səylər göstərməyə çağırış ediblər.