Dünyada olan bütün gözəllikləri görməyin, yaşamağın və hiss etməyin ən gözəl yoludur kitab oxumaq. Məhşur bir filosof ilə söhbət etmək, onu tanımaq, onunla dərdləşmək insan üçün əlçatmaz bir arzu ola bilər, lakin bu mümkünsüz deyil.
Hər kəs öz evində çayını içərək ən məhşur yazıçı və filosof ilə həmsöhbət ola, onu yaxından tanıya və anlaya bilər. Bunun ən gözəl yolu kitabdır.
Bir kitab, sakit otaq və düşünən beyin, dünyada bundan gözəl birşey ola bilərmi!?
Dünya nə qədər inkişaf etsə, texnologiya nə qədər irəliləsə də insan üçün kitab qədər effektiv və düşündürücü ikinci bir vasitə ola bilməz. Lakin günümüzün acı reallığı odur ki, bu gün ölkəmizdə oxucu sayı azalır. Bunun bir çox səbəbləri vardır. Kompyuter, telefon, televizor, internet və sair kimi sadalaya biləcəyimiz bir çox səbəblər. Lakin ən böyük səbəblərdən biri də kitabın mahiyyətinin nə olduğunun, onunla necə davranmağın, onu sevməyin kiçik yaşlarından uşaqlarımıza aşılamamağımızdır. Halbuki, hər kəs ən azı gündə bir saat övladına kitab oxusa, kitabdan aldığı o xoş hissləri övladına aşılasa əminəm ki, həmin uşaqda kitaba, mütailə etməyə böyük sevgi və maraq yaranar.
Bu günümüzdə baş vermiş bütün cinayətlərin, oğurluqların, haqsızlıqların başlıca səbəblərindən biri də məhz mütailəsiz, kitabsız, elmsiz böyümüş insanlardır. Elm öyranmək sadəcə 11 illik orta və 4 illik ali təhsil almaqdan ibarət deyil, elm öyrənmək daim axtarışda olmaq, dünyada olub da görmədiklərinizi və ya anlamadıqlarınızı kitablarda axtarmaq və tapmaqdır.
Hz.Peyğəmbərimiz Məhəmməd (s) buyurur ki, beşikdən məzara qədər elm öyrənin. Başqa bir kəlamında isə buyurur ki, elm Çində olsa belə onun ardınca gedin.
Bunu dərk edənlər üçün böyük ibrət vardır...
Amma nə üzücüdür ki, bu gün bəzi gənclərimiz elmin dalınca evindəki kitab rəfinə, qonşuluqdakı kitabxanaya qədər belə gedə bilmirlər.
Nə gözəl olardı, hər kəs öz içərisində olan boşluğu kitab oxumaq ilə doldurardı, və əminəm ki, əgər belə olsaydı dünya daha gözəl olardı.
Ömər Kərimli
"Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai birliyinin Şimal bölgəsi üzrə nümayəndəsi.