Sağlamlıq insan həyatının mühüm amillərindən biri hesab edilir. İnsanın sağlam olması həm də cəmiyyətin sərvəti və dövlətin gələcəyinin birbaşa olaraq təminatıdır. Belə ki, yalnız sağlam olan insanlar xalqının, millətinin, dövlətinin xeyrinə fəaliyyət göstərmək, qərar qəbul etmək üçün özlərinin yaradıcı imkanlarından tam istifadə edə bilərlər. Başqa sözlə desək, sağlamlıq yalnız şəxsin özü üçün deyil, həmçinin ailə, cəmiyyət, vətən, dövlət üçün də vacibdir.Əslində “sağlamlıq”, eləcə də “xəstəlik” anlayışları fəlsəfi kateqoriyalardır. Buna görə də, insanın bu hallarının çoxlu sayda tərifləri mövcuddur. Böyük Tibb Ensiklopediyasında sağlamlıq anlayışı “insan orqanizminin bütün orqan və sistemlərinin funksiyalarının xarici mühitlə tarazlaşdırıldığı və ağrılı dəyişikliklərin olmadığı bir vəziyyət” kimi şərh edilir.Vətəndaşın sağlamlığının mütləq dəyərlər olduğunu nəzərə alaraq, onun qorunması da hər bir dövlətin prioritet vəzifələrindən biri hesab olunur. Bütün dünya dövlətlərinin siyasətində xüsusi yeri məhz təhsilin inkişafı və səhiyyənin təkmilləşdirilməsi tutur. Yəni, təhsil və səhiyyə dövlətin əsas güc strukturu və strateji istiqamətləri hesab olunur. Ümumilikdə məsələyə siyasi nöqteyi-nəzərindən yanaşsaq, dövlətin mövcudluğu və gələcək uğurlu fəaliyyətinin əsası cəmiyyətin nə dərəcədə sağlam olmasından asılıdır.Dünya yeni 2022-ci ili koronavirus pandemiyasının sona çatacağı ümidi ilə gözləsə də, təəssüf ki, bunun yaxın gələcəkdə baş verməyəcəyini anladı. Koronavirusun yoluxucu “Omikron” variantının sürətlə yayılması dünyanın bir çox ölkələrində infeksiyaların kəskin artmasına səbəb oldu. Hazırda bütün ölkələrdə epidemioloji vəziyyət geniş yayılmış “Omikron” ştammı ilə yeni dalğanın yaranmasından sonra durmadan dəyişir. Azərbaycanda da ilk yoluxma halları artıq təsdiqlənib. Amma peyvənd edilmiş insanların kifayət qədər olması ümid etməyə imkan verir ki, yeni dalğa əvvəlki illərdə olduğu kimi ciddi olmayacaq.Ümumilikdə, 2021-ci il də bütün dünya üçün xəstəliklə mübarizə ili olaraq yaddaşlarda qaldı. Çünki bəşəriyyət sürətlə yayılan, qarşısı alınmaz bir xəstəliklə üzləşdi, dünyanın ən inkişaf etmiş ölkələri belə koronavirus epidemiyasının qarşısında aciz qaldı. Vətəndaşların sağlamlıqları ilə yanaşı, həm də ölkənin sosial-iqtisadi inkişafına mənfi təsir göstərən COVID-19-la mübarizədə respublikamızda rast gəlinən elə ilk yoluxmadan başlayaraq, Prezident İlham Əliyevin başçılığı ilə dövlətimiz tərəfindən bir çox məqsədyönlü profilaktik tədbirlər həyata keçirildi.Heç şübhəsiz bu tədbirlər sırasında modul tipli xəstəxanaların tez bir zamanda hazırlanması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və vaksinasiya proseslərinin keçirilməsi xüsusi yer tutur. Son iki il ərzində aparılan tədqiqatların nəticələrinin təhlili bir daha göstərdi ki, vaksinasiya virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv üsuludur. Əhalinin peyvənd prosesində fəal iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyət sabit olaraq qalır.Cəmiyətimizin bütün dünyanı bürüyən bu xəstəliyə qarşı mübarizədə ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları da aktivlik nümayiş etdirirlər. Bu gün QHT-lər Koronavirusun, eləcə də geniş yayılmış Omikron ştammının yayılma təhlükəsinin qarşısının alınmasına yönəlmiş tədbirlər çərçivəsində sosial layihələr həyata keçirir və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qaydaların tətbiqi üçün lazımi təşkilati dəstək verirlər.Unutmaq olmaz ki, peyvəndlə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət etmək lazımdır. Virusun variantından asılı olmayaraq dünyada və ölkəmizdə özünüzü xəstəlikdən qorumağın, normal həyata qayıtmağın yeganə yolu fiziki məsafə saxlamaq, maskalardan istifadə etmək və əl gigiyenasından istifadə etməkdir.
Elvin Talışınski
"Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru