"Elin Səsi"ndən "Elm, Özünü inkişaf və Sağlam karyera" mövzusunda növbəti master class

Bu gün “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyi və AMEA-nın Elm Tarixi İnstitutunun birgə təşkilatçılığı ilə "Elm, Özünü inkişaf və Sağlam karyera" mövzusunda növbəti Master Class keçirildi. Tədbiri ilk öncə giriş sözü ilə İctimai birliyin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski açaraq iştirakçıları salamladı. İctimai birliyin bu istiqamətdə apardığı maarifləndirici tədbirlər haqqında məlumat verdi. O bildirdi ki, cəmiyyətin aparıcı qüvvəsi olan gənclərin milli ruhda yetişməsi, şəxsiyyət kimi formalaşması, öz tarixi köklərinə, mədəni və mənəvi dəyərlərimizə sahib çıxmaları mühüm məsələlərdən biridir. Bu baxımdan bugünkü master class böyük əhəmiyyətə malikdir.


Sonra söz, AMEA-nın Elm Tarixi İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, təlimçi Bayram Quliyevə verildi. İlk öncə Dr. B.Quliyev gənclərə elmin önəmindən, zamanın səmərəli şəkildə dəyərləndirilməsindən, cəmiyyətdə öz yerinin müəyyənləşməsi istiqamətlərindən danışdı. Həmçinin gənc alim insanın bioloji varlıq olması, fərdlərin psixologiyaları, reallıqlar və insan potensialı arasındakı paralelliyin müəyyən edilməsi haqqında geniş məlumat verdi. Eyni zamanda iştirakçılar tərəfindən ünvanlanan sualları cavablandırdı. Sonda İctimai birliyin idarə heyətinin üzvü şərqşünas-alim Əli Rzazadə gənclərə göstərdikləri maraq və fəallıqları üçün dərin minnətdarlığı bildirdi və bu master classların davamlı olmasını qeyd etdi. Tədbirin yekununda master classda fəal iştirak etmiş iştirakçılar təlimçi tərəfindən mükafatlandırıldı.