"Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin Asan Xidmət mərkəzi ilə növbəti seminarı

6 fevral 2022-ci il Bakı şəhəri 5 saylı ASAN Xidmət mərkəzində "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin təşkilatçılığı ilə ASAN 5 könüllüləri üçün "Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək" mövzusunda seminar keçirildi. Seminarda ilk olaraq təşkilatın üzvü Əlikram Xankişiyev çıxış edərək ictimai birliyin fəaliyyəti, milli-mənəvi dəyərlər sahəsində gördüyü işlər haqqında məlumat verdi.


Daha sonra söz İctimai birliyin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınskiyə verildi. E.Talışınski çıxış edərək bildirdi ki, hər bir xalqın sahib olduğu ən dəyərli miras onun milli-mənəvi dəyərləridir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəsilə ötürür. Çünki bu mənəvi xəzinə milli şüurun, milli ruhun, tarixin yaddaşıdır. Sevindirici haldır ki, Azərbaycan xalqı milli-mənəvi dəyərlərə sadiqdir, dünyada gedən qloballaşma prosesində özünəməxsus mədəniyyətini qoruyur. O, həmçinin qeyd etdi ki, milli-mənəvi dəyərlərin gənclərin cəmiyyətdə formalaşmasında yeri və rolu olduqca əhəmiyyətlidir. Bunun üçün də hər bir Azərbaycan gənci öz milli-mənəvi dəyərlərini, adət-ənənələrini qorumalı və layiqincə yaşatmalıdır.


Növbəti çıxış üçün söz İctimai Birliyin sədr müavini Qorxmaz Paşayevə verildi. Q.Paşayev çıxışında milli-mənəvi dəyərlər sisteminin çox şaxəli olmasından, bu sistemə bir çox mövzuların daxil olduğunu qeyd etdi. Onun sözlərinə görə ailə dəyərləri mənəvi dəyərlərin bir istiqaməti olaraq diqqət olunası məsələlərdəndir. Q.Paşayev ailədə qadın-kişi münasibətlərinin, övlad valideyn arasında olan ünsiyyətin qurulmasından bəhs edərək onların vəzifə və hüquqlarını sadaladı. Daha sonra söz İctimai Birliyin Şimal bölgəsi üzrə koordinatoru Ömər Kərimliyə verildi. Ö.Kərimli gənc könüllülərə gələcək fəaliyyətində uğurlar arzulayaraq onların işlərinin çətin olmasına baxmayaraq vətəndaşların xidmətində olduqları üçün təşəkkürünü bildirdi. Həmçinin o qeyd etdi  ki, bu işdə dözümlülük özü də bir dəyərdir.


Sonda İctimai Birliyin gənclər üzrə koordinatoru Tamerlan Qasımov və təhsil üzrə ekspert Gülmirə Müseyibova yaratdığı şəraitə görə Asan Xidmət əməkdaşlarına öz minnətdarlığını bildirdi. Həmçinin T.Qasımov bu cür faydalı görüşlərin və təlimlərin gələcəkdə də həyata keçiriləcəyini qeyd etdi. 

Təlimin sonunda iştirakçı könüllülərə sertifikatlar təqdim edildi və xatirə foto şəkil çəkdirildi.