"Elin Səsi" İctimai Birliyi yeni layihəyə start verdi

"Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək" adlı layihəyə start vermişdir. 3 ay müddətində davam edəcək layihə Bakı, Sumqayıt və Şirvan şəhərlərini əhatə edəcəkdir.

Layihənin əsas məqsədi Azərbaycan Respublikasının vətəndaşlarına, xüsusilə gənclərə milli-mənəvi dəyərlərin aşılanması, cəmiyyətimizdə milli-mənəvi dəyərlərin inkişafı, möhkəmləndirilməsi, qorunması və rolunun yüksəldilməsidir. Layihənin əsas məqsədlərindən biri də gənc nəslin milli-mənəvi dəyərlərə bağlı olaraq tərbiyə olunması istiqamətində dövlət siyasətinə dəstək göstərməsidir. Layihə çərçivəsində respublikamızın vətəndaşları, xüsusilə gənclər arasında Azərbaycan xalqının milli-mənəvi dəyərləri sayılan milli musiqimiz, milli mədəniyyətimiz, eləcə də ailə dəyərləri mövzularında seminarlar təşkil olunacaqdır. Bununla yanaşı Azərbaycanın milli dəyərləri hesab olunan Azərbaycan xalçaçılığı, Azərbaycan muğamı və Qarabağ atları haqqında sənədli filmlərin lentə alınması və bu mövzuda cəmiyyətdə maarifləndirmə işinin aparılmasıdır.

Bu məqsədlərə nail olmaq üçün layihədə aşağıdakı işlər görüləcəkdir:

- "Azərbaycan milli musiqisinin təbliği" ilə bağlı seminarın həyata keçirilməsi; 

- "Muğam xalqımızın genetik kodu" adlı sənədli filmin çəkilişi;

- "Azərbaycan mədəniyyəti tarixi" mövzusunda seminarın həyata keçirilməsi;

- "Xalçaçılıq milli sənətimiz və milli sərvətimiz" adlı sənədli filmin çəkilişi;

- "Sağlam ailənin formalaşmasında milli-mənəvi dəyərlərin rolu" adlı seminarın həyata keçirilməsi;

- "Xalqımzın igidlik və cəsurluq rəmzi, milli dəyərimiz Qarabağ atları" adlı sənədli filmin çəkilişi.

Respublikamızda milli-mənəvi dəyərlərin qorunması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində görüləcək işlər vətəndaşlarımızın, xüsusilə də gənc nəslin qeyd olunan sahəyə maraqlarının artmasına nail olacaqdır.