"Milli mədəniyyətimizdə mənəvi dəyərlər amili" adlı tədbir keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin “Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək” layihəsi çərçivəsində növbəti tədbiri keçirildi. Tədbir 16 aprel 2022-ci ildə Bakı şəhəri  Gəncliyə Yardım Fondunda “Milli mədəniyyətimizdə mənəvi dəyərlər amili” mövzusunda baş tutdu. Tədbiri ilk olaraq İctimai birliyin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski açaraq tədbir iştirakçılarını salamladı və yaratdığı şəraitə görə Fondun rəhbərliyinə öz minnətdarlığını bildirdi. Daha sonra E.Talışınski milli-mənəvi dəyərlərin önəmindən, cəmiyyətdə təbliğinin vacibliyindən danışdı. Həmçinin o bildirdi ki, hər bir xalqın sahib olduğu ən dəyərli miras onun milli-mənəvi dəyərləridir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəslə ötürməlidir. Çünki bu mənəvi xəzinə milli şüurun, milli ruhun, tarixin yaddaşıdır. Həmçinin o, Azərbaycan ailə modelindən söz açaraq bildirdi ki, xalqımıza xas olan bu dəyərləri gənclərə düzgün şəkildə çatdırmaq, təbliğ etmək və qorumaq ən başlıca vəzifələrimzidən biridir. 


Daha sonra layihə rəhbəri, İctimai birliyin sədr müavini Qorxmaz Paşayev iştirakçıları salamlayaraq layihənin məqsədindən, layihə çərçivəsində görüləcək işlərdən və təşkilatın milli-mənəvi dəyərlər sahəsində gördüyü işlərdən danışdı. Q.Paşayev təşkilatın mütəmadi olaraq gənclərdə milli vətənpərvərlik hisslərinin aşılanması, tariximiz, mədəniyyətimiz, milli dəyərlərimizin təbliği, düzgün maarifləndirmə işinin aparılması istiqamətində işlər gördüyünü bildirdi. 


Tədbirin davamında söz tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanova verildi. A.Qurbanov gənclərə milli mədəniyyətimizin tarixi önəmindən, onun keçdiyi inkişaf yolundan və mənəvi dəyərlərin cəmiyyətdəki rolundan danışdı. Daha sonra A.Qurbanov bu gün gənclərin milli-mədəni dəyərlərə bağlı olaraq yetişməsinin vacibliyini qeyd etdi. 


Daha sonra tədbirdə gənclər arasında milli-mənəvi dəyərlərlə bağlı intellektual müsabiqə keçirildi. Müsabiqədə qalib gələn gənclər İctimai birlik tərəfindən hədiyyə ilə mükafatlandırıldı. Təbirin sonunda tədbir iştirakçıları ilə birgə xatirə şəkilləri çəkildi.