"Elin Səsi" İctimai Birliyindən ilk nəşr

22.05.2022-ci il tarixdə “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyinin təşkilatçılığı ilə təşkilatın sədr müavini, şərqşünas alim, yazıçı Əli Rzazadənin “Onun hekayəsi” adlı kitabının təqdimatı keçirilmişdir.


Tədbiri ilk öncə “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski açaraq iştirak edən bütün qonaqlara öz təşəkkürünü bildirdi. O həmçinin Birliyin bugünədək olan fəaliyyətindən və həyata keçirdiyi layihələr haqqında məlumat verdi. Daha sonra E.Talışınski milli-mənəvi dəyərlərin önəmindən, cəmiyyətdə təbliğinin vacibliyindən danışdı. Həmçinin o bildirdi ki, hər bir xalqın sahib olduğu ən dəyərli miras onun milli-mənəvi dəyərləridir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəslə ötürməlidir. Çünki bu mənəvi xəzinə milli şüurun, milli ruhun, tarixin yaddaşıdır.


Həmçinin tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, yazıçı Kənan Hacı, tanınmış telejurnalist Hikmət Yaqubov, yazar Azər Qismət, şair Gülnarə İsrafil, Nazlı Çələbi, jurnalist Ülkər Piriyeva və digər şəxslər çıxış etdilər. Çıxışçılar milli-mənəvi dəyərlərin, vətənpərvərlik və dövlətçilik ideyalarının gənc nəsillərə aşılanması və qorunub saxlanılmasının zəruriliyini vurğuladılar. Qeyd olundu ki, gənclərin milli-mənəvi ruhda yetişməsi üçün bu cür kitabların yazılması olduqca mühüm əhəmiyyət kəsb edir. Həmçinin yazıçı və şairlər qeyd etdilər ki, “Onun hekayəsi” kitabı gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşmasında, eləcə də gənclər arasında mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində vacib rol oynayacaqdır.


Nəzərinizə çatdıraq ki, “Onun hekayəsi”ndə müəllifin hekayə, esse və şeirlərindən bir hissə toplanmışdır. Eyni zamanda kitabda Vətən müharibəsində canından keçən şəhidlərimizə həsr olunmuş bədii nümunələr yer almış, eləcə də vətənpərvərlik və dövlətçilik mövzusunda şeir və hekayələr nəşr olunmuşdur. “Onun hekayəsi” müəllifin sayca 7-ci, təmsil etdiyi təşkilatın isə ilk nəşridir.