Gənclərdə təfəkkür və nitq mədəniyyətinin inkişafında mütaliənin rolu

27 mart 2019-cu ildə "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi və C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə təşkilatçılığı ilə "Gənclərdə təfəkkür və nitq mədəniyyətinin inkişafında mütaliənin rolu" mövzusunda seminar keçirilib. Əvvəlcə söz təşkilatçılara C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayevaya və "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınskiyə verilib. Onlar bu cür maarifləndirici seminarların gənclər üçün təşkil edilməsinin vacibliyini xüsusilə qeyd ediblər. Təşkilatçılar həmçinin seminarda iştirak edən bütün gənclərə öz minnətdarlığını bildiriblər və Azərbaycan gənclərini həqiqətən də istedadlı, layiqli, vətənpərvər, hər zaman davranışlarında dövlətçilik ənənələrindən çıxış edən gənclər olduqlarını vurğulayıblar. Seminarın eksperləri qismində "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin t/p psixoloqu, tanınmış mütəxəssis İlqar Kərimov və AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, Cənubi Rusiya Humanitar İnstitutunun (Rostov) fəxri professoru, Rasim Nəbioğlu çıxış ediblər. Ekspertlər də öz növbələrində təşkil olunan bu tədbirin olduqca əhəmiyyətli və təqdirəlayiq olduğunu qeyd ediblər. Rasim Nəbioğlu mövzunun əhəmiyyətini qeyd edərək bildirib ki, mütaliə bizim lüğət tərkibimizi artırır və kitab mütaliə edərək əldə olunan bilgilər yeni müasir texnologiyalar vasitəsilə əldə edilən bilgilərdən daha təsirli və yaddaqalan səciyyə daşıyır. Sonra natiq sağlam düşüncədən və sağlam düşüncəyə nail olmağın yollarından bəhs edib. Ekspert qismində çıxış edən psixoloq İlqar Kərimov təfəkkür məsələsinə toxunaraq onun insanda necə formalaşmasını qeyd edib. Psixoloq intellektin təbəqələrindən söz açaraq geniş şəkildə bu məsələni izah edib. Daha sonra İ.Kərimov müasir ədəbiyyatın insan psixologiyasına təsirindən danışıb. Sonra E.Talışınski seminarın yüksək səviyyədə keçdiyini vurğulayaraq ekspertlərə öz təşəkkürünü bildirib. Bununla yanaşı həm "Elin Səsi" MMDQ İctimai Birliyi, həm də kitabxana rəhbərliyi tərəfindən gənclərə verilən dəyərin, dəstəyin, qayğının həmişə mühüm vəzifə olduğunu xüsusilə qeyd etdi və bu istiqamətdə görülən işlər barədə məlumat verib. Seminar gənclərin ekspertlərə verdiyi suallar və mövzu ətrafında çıxışlarla davam edib. Sonda seminar iştirakçıları ilə birgə xatirə şəkli çəkdirilib.