Şirvan şəhərində "Milli sərvətimiz - mənəvi dəyərlərimiz" adlı layihə çərçivəsində müsabiqə keçirildi

14 oktyabr 2023-cü il tarixdə Şirvan şəhəri 18 nömrəli məktəb-liseydə "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Milli sərvətimiz - mənəvi dəyərlərimiz" layihəsi çərçivəsində gənclər arasında milli-mənəvi dəyərlər istiqamətində intellektual bilik müsabiqəsi keçirildi. Tədbir, Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı və 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımız 1 dəqiqəlik sükutla yad olundu. Daha sonra tədbiri giriş sözü ilə Şirvan şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Rafael Nəsirov açaraq hər kəsi salamladı və layihənin əhəmiyyəti, gənclər arasında bu istiqamətdə maarifləndirmə işinin aparılmasının vacibliyindən danışdı.

Növbəti çıxış üçün söz "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin rəhbəri Elvin Talışınskiyə verildi. E.Talışınski milli-mənəvi dəyərlərimizin qorunmasından, vətənpərvərlik hisslərinin yeniyetmə və gənclərə aşılanmasının vacibliyindən bəhs etdi. Həmçinin o, bu cür tədbirlərin və müsabiqələrin həyata keçirilməsinin vacibliyini, eyni zamanda yeniyetmə və gənclərdə milli-mənəvi dəyərlərə bağlılığın formalaşdırılması istiqamətində işlərin görülməsinin daha çox olmasını qeyd etdi. Həmçinin E.Talışınski müsabiqənin şərtləri haqqında geniş şəkildə məlumat verdi.


Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov bu cür tədbirlərin və müsabiqələrin həyata keçirilməsinin vacibliyini, eyni zamanda yeniyetmə və gənclərdə formalaşdırılması istiqamətində işlərin görülməsinin daha çox olmasını dəstəklədiklərini bildirdi. 

Çıxışlardan sonra müsabiqəyə start verildi. Müsabiqədə hər komandada 5 nəfər olmaqla 6 komanda - Xürrəmilər, Mübarizlər, Aypara, Difai, Şuşa, Xarı-Bülbül komandaları iştirak edirdi. Gərgin mübarizədən sonra komandalar arasından Xürrəmilər komandası 1-ci, Difai komandası 2-ci, Mübarizlər komandası 3-cü yerin qalibi oldu. Qalib komandalara mükafatlar, fəxri fərmanlar, sertifikatlar və layihə çərçivəsində çap olunmuş kitablar təqdim olundu. Sonda müsabiqə və tədbir iştirakçıları ilə birgə xatirə foto çəkdirildi.